Hakkımda
Milliyətcə Axiska türklərindən olan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlmişdir. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin 1-ci sinfinə getmiş və 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.1975-1977-ci illərdə Ukraynanın Çerkassk şəhərində xidmət etmişdir. O, nümunəvi hərbi xidmətə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və Fəxri fərmana layiq görülmüşdür. 1978-ci ildə Daşkənd Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və İrriqasiya Mühəndisləri İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsili başa vurub təyinatla Daşkənd vilayətinin Akkurqan rayonu Qalyakudur savxozuna göndərilmişdir. 1989-cü ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axiskalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana ana vətən deyib gəlmişdi. Keçmiş SSRİ-nin milli etnik azlıqlara qarşı yeritdiyi amansız siyasətin nəticəsi olaraq taleyinə ikinci dəfə sürgünlük həyatı qismət olmuş İsgəndər və onun ailəsi Şəmkirin Kür qəsəbəsində məskunlaşmışdılar. Əhaliyə qaynayıb-qarışmış, sanki bu yerlərin əzəli sakini olmuşdurlar. Ahiska türklərinin əksəriyyəti əkinçiliklə məşğul olurdu. İsgəndər isə Şəmkir rayonunda cihazqayırma zavodunda çalışır. Bundan əlavə fotoqraf işləyirdi. Çox gözəl əl qabiliyyəti vardı. Mehribanlığı, xoş xasiyyəti onu tezliklə hamıya sevindirmişdi.
İsgəndərgilin Azərbaycana gəlişi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yeni mərhələyə qədəm qoyduğu vaxta təsadüf etmişdi. Bu vaxtlar Gədəbəyin 28 kəndini əhatə edən Şınıx bölgəsində də döyüşlər şiddətlənmişdi. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İsgəndər 1992-ci ilin mart ayında Milli Orduya könüllü olaraq getmişdir. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Tezliklə topçuluq məharəti, döyüş zamanı təşkilatçılıq bacarığı ilə İsgəndər hər kəsin sevimlisinə çevrildi. Tez bir zaman ərzində igidliyi ilə, şucaəti ilə tanındı.
Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsində misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhramanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.
İndi Kür qəsəbəsindəki 1 saylı orta məktəb İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə “İsgəndər” adı verilib. Gədəbəyin “N” saylı hərbi hissənin önündə isə büsdü ucaldılıb, Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və ön cəbhədə salınmış “İsgəndər postu” hələ də düşmən üçün bir səddir. İsgəndərin istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.
ALLAH RƏHMƏT ELƏSİN.....